Azərbaycanda yerli və xarici şirkətlərə 10-dan çox tərcümə növlərində xidmət göstərən VERO Translation Marcom şirkətinin tərcümə üzrə strateji tərəfdaşı oldu.
Şirkətin direktoru Əli Əhmədov bu əməkdaşlığın hər iki tərəfə müsbət nəticələr verəcəyini bildirdi. “Marcom şirkətinin və onun əməkdaşlarının fəaliyyətini uzun müddətdir izləyirik. Şirkətin marketinqlə bağlı ərsəyə gətirdiyi işlər və müştərilərə göstərdiyi yanaşma diqqətimizi cəlb etdiyi üçün onlarla danışıqlara start verdik. Beləliklə, məlum oldu ki, fərqli sahələrdə fəaliyyət göstərdiyimizə baxmayaraq, maarifləndirmək, sahəyə yeniliklər gətirmək və bazar iştirakçılarını qorumaq kimi eyni missiyaları paylaşırıq, bunun üçün də birlikdə əməkdaşlıq etmək qərarına gəldik. Bundan əlavə, Marcom şirkəti beynəlxalq bazardan pay almağımız üçün bizə marketinq dəstəyini göstərəcəkdir. Hal-hazırda şirkətin marketinq yol xəritəsi üzərində işlər gedir.”
Əməkdaşlıqla bağlı fikirlərini bildirən Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev bu işin onlar üçün unikal bir marketinq addımı olacağını söylədi. “Bizim üçün tərcümə sahəsində fəaliyyət göstərən şirkətin imicini formalaşdırmaq, satışlarını artırmaq istiqamətində həll yolları təqdim etmək olduqca maraqlıdır. Komanda olaraq bazarda eyni sektorda fəaliyyət göstərən digər şirkətlərin boşluqlarını da artıq araşdırmışıq. VERO-nun marketinq strategiyasını necə quracağımızı bilirik. Qarşımızda uzun və maraqlı bir yol var. İnanıram ki, bu yolun sonunda hər iki tərəfi uğur gözləyir.”
Qeyd edək ki, VERO Translation şirkəti və Marcom Marketinq və Kommunikasiyalar şirkəti birlikdə xidmətlərin vizuallaşdırılması üzərində çalışırlar. Tərəflər qısa zamanda xidmətlərin vizual görüntüsü ilə bağlı məlumat yaymağı planlaşdırırlar.